1494-cü il. Sakit okeanın heç kim yaşamayan kiçik adalarından birinin yaxınlığında bir ticarət gəmisi qəzaya uğradı. Bir nəfərdən başqa gəmidə olanların hamısı həlak oldu. Yaşlı anasını saxlamaq üçün gəmiyə matros kimi işə düzəlmiş bu cavan möcüzəli şəkildə sağ-salamat sahilə çıxıb xilas olmağına görə Allaha şükürlər etdi. O, düşdüyü yeri gəzib-dolandı və başa düşdü ki, kimsəsiz bir adadadır.
Əvvəlcə onu bir ümidsizlik bürüdü. Lakin tezliklə adada bitən müxtəlif çiçəklərin ətrafa saçdığı gözəl ətirlər onu heyran etdi və uzaq vətənini xatırlatmağa başladı. Adanı eninə-uzununa birdə gəzişəndən sonra kimsə tərəfindən tikilmiş bir daxma tapdı. Başa düşdü ki, bu adaya bəzən gəmilər də yan ala bilir. Daxmada müəyyən ev əşyaları da var idi. Yanında isə içməli suyu olan bulaq axırdı.
Beləliklə, adada yaşamağa başlayan matros darıxmamaq üçün burada bitən gülləri yığıb onlardan müxtəlif ətirlər düzəldirdi. Bu qayda ilə iki il keçdi. Sabiq matros artıq kamil bir əttara çevrilmişdi. Ümidini üzmürdü. Axşamlar dualarında o, öz vətəninə qayıtmağı və bir də öz anasını görməyi diləyirdi.
Və bir gün içməli su axtaran bir gəmi adaya yan aldı. Matros gəmi heyətinə ərzaq və su ehtiyatını bərpa eləmək üçün köməyini əsirgəmədi. Gəminin kapitanı da bunun əvəzində onu öz gəmisində ən yaxın limana çatdırmağa qərar verdi. Matros adada yaşadığı müddət ərzində hazırladığı müxtəlif ətirləri də özü ilə götürdü.
Nəhayət, bir neçə aydan sonra vətəninə qayıda bilən cavan anasının onun qayıtması üçün daima dua etdiyinin şahidi oldu. O, bir daha matros işləyib vətənini tərk etməyəcəyi ilə bağlı anasına söz verdi. Elə oldu ki, onun saxsı qablarda adadan özü ilə gətirdiyi ətirlər bundan başı çıxan bir əczaçının diqqətini cəlb elədi. Beləliklə, gəmi qəzasının son nəticəsi olaraq əttara çevrilmiş sabiq matros, şəhərin əczaçıları üçün müxtəlif ətirlərin, yağların və duzların istehsalçısı oldu və bununla da özünə var-dövlət topladı.

Author nemoss

Comments (2)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir