Birinci Dünya Müharibəsinin sonları idi. Fransanın cənubunda yerləşən kiçik şəhərlərin birində öz evlərinə – Şərqə qayıtmağa hazırlaşan əsgərlər dislokasiya olmuşdular. Günortanın yandırıcı istisi hamını təntitmişdi. Şəhərdə olan demək olar ki, bütün evlərin qarşısında bitən qızılğül kollarının ətri havanı doldurmuşdu. Evlərin birinin yanında təqribən on iki yaşlı bir oğlan uşağı nəsə fransız dilində deyə-deyə əlindəki çubuqla hasarın dibində bitən qızılgül kollarına vururdu. Qızılgüllərin budaqları sınır, ləçəkləri isə ətrafa dağılırdı.
Orta yaşlı, dolu bədənli əsgərlərdən biri hasara yaxınlaşdı və əlinin işarəsi ilə uşağı yanına çağırdı.
“Sən onları niyə qırırsan?” – deyə o, fransızca çətinliklə danışaraq ondan soruşdu.
“Onlar tikanlıdırlar və adamı cızırlar”, – deyə oğlan cavab verdi.
Kədərli və keyfi pozulmuş kimi görünən əsgər hasara yaxınlaşdı, əyilib sınmış qızılgül budağını yerdən götürdü və dedi:
“Sən bax gör bu necə də kiçikdir, amma ətrafına gör nə qədər gözəl ətir saçır. İndi isə sən onu sındırdın və o, bir daha insanları öz gözəl təravəti ilə sevindirməyəcək, şadlıq gətirməyəcək və qəlbləri isindirməyəcəkdir. Axı Allah onu insanlar üçün, onların rahatlığı üçün yaratmışdır. Bu kol canlıdır və zəmanəmizin bu çətin anlarında bir çox insanlara həyatın sevincini duymağa kömək edə bilərdi”…
İllər keçdi…. 1978-ci ildə məşhur fransız əttarı bütün çalarlarında müxtəlif qızılgül növlərinin iylərini özündə birləşdirən yeni bir ətiri təqdim edirdi. Və yalnız bir neçə adam bilirdi ki, bu ətirin yaradılması onun uşaqlığında baş vermiş hadisə ilə bağlıdır. Oğlan o zaman sınmış qızılgül koluna qulluq edərək onu dirçəltdi, onun ətrində olan gözəlliyi tapmağı və həmin gözəlliyi başqa insanlara da nümayiş etdirməyi öyrəndi.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir