Orta əsrlərdə mərkəzi Afrikada yerləşən Akana bölgəsində fil saxlayan və onların təlimi ilə məşğul olan bir ailə yaşayırdı. Burada yetişdirilərək yaxşı təlim keşmiş nəhəng və möhtəşəm Afrika fillərinin şöhrəti doğma Kosta Doora hüdudlarını aşaraq, çox uzaqlara yayılmışdı. Ailənin başçısı olan ata, həm də gül azarkeşi idi. O, ətiri xüsusilə güclü olan gülləri seçərək, onları ayrılmış torpaq sahələrində yetişdirirdi.

 Atasının gül meylinə həssas yanaşan kiçik oğul fillərə təlim keçərkən, onları ətirli gülləri tapdalamamağı və onlardan kənar gəzməyi öyrətmişdi. 

Çox təsiredici bir mənzərə yaranırdı: nəhəng Afrika fili kiçicik bir gülü əzməmək üçün yolundan dönürdü. Gül plantasiyalarının ətrafında gəzən fillər, yavaş-yavaş yeni cığırlar açırdılar və insanlar bu cığırlardan yol kimi istifadə edirdilər.

Günlərin birində bu yerlərə gəlmiş bir tacir fil saxlayan ailədən bir sürü təlim keçmiş fil aldı. O, filləri uzaq bir məmləkətə apararaq, oranın yerli hakiminə satdı.

Həmin padşah filləri zirehlə örtməyi tapşıraraq, onlardan qonşularına qarşı hücumlarda istifadə etməyi planlaşdırırdı. Lakin hücum zamanı qoşunda olan filqovanlar nə qədər çalışsalar da, fillər qonşu məmləkətin gül-çiçəklərlə örtülmüş çəmənlərini tapdalamaqdan imtina edərək, irəli getmədilər və bununla da dinc və sülhsevər sakinləri xilas etdilər. 

Zaman keçdi. Gülləri tapdalamayan fillərə olan maraq və tələbat yavaş-yavaş azalmağa başladı və tədricən tamamilə itdi. Amma əvvəlki filsaxlayan, indi ətrafında fillərin açdığı yollarla haşiyələnən geniş gül sahələri saxlayırdı. Və burada yetişdirdiyi güllərdən ətirlər düzəldib, ticarət edirdi. Beləliklə, atanın işinə hörmətlə yanaşan oğulun səyi və ailənin gözəl ətirə olan meyli, onları firavan duruma gətirərək, hətta gələcək nəsillərini də əhatə edən gəlirlərlə təmin etdi.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir