İsti yaz günlərindən birində
Hələb şəhərinə bir səyyah varid oldu. Geyimi ilə ətrafda olan digər adamlardan heç nə ilə fərqlənməyən səyyahın üzündən nəsə bir ruh yüksəkliyi yağırdı və özünü də çox ləyaqətli aparırdə.
O, ətrafına baxdı və ətirli maddələr satılan dükana yaxınlaşdı. İçində cürbəcür ətirlər olan şüşə qabları gözdən keçirməyə başladı. Birdən gözü qızılgül ləçəklərini həvəngdəstədə əzərək yağını çıxaran xidmətçiyə sataşdı.
“Mənim üçün ən zərif ətiri seç və ondan yüz damcı mənə ver”, – deyə o, müraciət etdi və qızılla dolu pul kisəsini çıxartdı.
“Bizdə ətirlər bahalıdır, soruşmaq olarmı ki, bu qədər bahalı ətiri nə üçün alırsınız?” – deyə dükan sahibi soruşdu.
“Mən ətiri atam üçün alıram. O, ibadət edəndə həmişə ətirlənir” – səyyah cavab verdi.
“Bəs mütləq gərək bahalı ətir alasız, adi ətirlə kifayətlənmək olmazmı?”, – deyə dükançı sorğu-sualına davam etdi.
Səyyah başını yelləyərək dedi: “Atam mənə həyat verib, bu dünyanın yaxşısını-pisini başa salıb, Allaha ibadət etməyi öyrədib. Bütün bu işlərə gərə mən onun borcundan necə çıxa bilərəm?
Mən hər gün dua edirəm və atamın mənə etdiklərinə görə Allaha şükür edirəm. Və bu bahalı ətir də mənim edə biləcəyim ən kiçik diqqətdən biridir”.