Bir zamanlar sabeilərin torpaqlarında qoca bir dəyirmançı yaşayırdı. Qocanın üç oğlu var idi. Günlərin bir günü qoca övladlarını yanına çağıraraq dedi: “Mən bu fani dünyanı tərk edirəm və siz tək qalırsınız. Mən ömrüm boyu Allah bəyənən tərzdə yaşamışam. Və indi də bu günə kimi yığdığım varidatı sizin aranızda bölmək istəyirəm. Böyük oğluma evi verirəm, ortancıl oğlum dəyirmanımın sahibi olsun, kiçik oğluma isə, hələ mənim babamdan qalmış, içində nəsə bir maye olan dolçanı qoyuram. Bilin ki, bu bölgü mənim vəsiyyətimdir. Allah həmişə yadınızda olsun. Mehriban yaşayın və bir-birinizə kömək edin. Çünki yalnız bir-birinizə dəstək verə-verə ləyaqətli şəxsiyyət kimi qala biləcəksiniz”.
Beləliklə qoca öldü. Amma onun övladları elə atalarının sağlığında olduğu yaşayır, varidatı qətiyyən bölmürdülər. Onlar ataalrının vəsiyyətinə əməl edərək çalışır və öz uşaqlarını da bu ruhda tərbiyə edirdilər. Amma bir gün ildırım vurdu, dəhşətli yanğın başladı. Onların həm evləri, həm də dəyirmanları yanıb külə döndü. Hər üç ailə evsiz-eşiksiz qaldı. Bu çıxılmaz vəziyyətdə birdən kiçik oğulun yadına bağın bir küncündə yerə basdırılmış dolça düşdü. O, dolçanı qazıb çıxartdı. Dolçanın qatranlanmış qapağını açan kimi ətrafa ecazkar bir ətir yayıldı. Bu saysız-hesabsız qiyməti olan bir ətir və həm də üç ailənin xilası idi. Kiçik qardaş sevincək dolçanı öz qardaşlarının yanına apardı. Böyük və orta qardaş da sevindilər və dedilər: “Bu atamızın sənə qoyduğu mirasdır və sənə məxsusdur”. Kiçik qardaşın gözləri doldu: “Biz gör neçə ildir ki, bir yerdə yaşayırıq və heç biriniz də məni sizinlə bir evdə yaşadığıma görə qınamamısınız. İndi isə bəla baş verib və mən də ümumi hesab elədiyim bir şeylə sizinlə bölüşmək istədiyimə görə qürur hissi duyuram”.