Hekayəmizin əsas qəhrəmanı – Qasim ibn Əl-Buheyr, qədim Mesopotamiyanın ortalarında yerləşən kiçik bir kənddə yaşayırdı.
Mehriban və xasiyyətcə yumşaq olan Qasim, təvazökar bir həyat sürərək, başqalarından çox da fərqlənmirdi. O, qamışdan zənbil toxumaqla dolanışığını yola verirdi. Çox imkanlı adam olmasa da, Qasimin evində qonaqpərvərlik ruhiyyəsi hökm sürürdü.
O, ehtiyaclı hər bir kəsə imkanı daxilində kömək etməyə həmişə hazır idi. Qapısını döyən yol adamlarını gülərüzlə qarşılayır, sonuncu tikəsini də onlarla bölüşürdü.

Bir dəfə, günəş qürub etdikdən sonra, Qasimin evinin qapısına iki nəfər müsafir gəldi. Yolçuların üz-gözündən yolun yorğunluğu yağırdı və onlarda kiminsə evində qonaq olmaq istəyi sezilirdi.
Qasim dərhal yorğun səyyahları evinə dəvət elədi. Onlara süfrə açıb, qarınlarını doyuzdurdu və gecə yatmaq üçün evində saxladı.
Səhər tezdən, yola çıxmağa hazırlaşan səyyahlardan birisi, Qasimə quruyub büzüşmüş bir bitki kökü verərək dedi: “Bu kökün belə vəziyyətdə olmasına baxma, o sənə nəinki gözəllik, həm də var-dövlət gətirəcək. Ona görə də bu kökü qoru və qayğısına qal”.
Sonra səyyahlar qonaqpərvəlliyinə görə Qasimə təşəkkür edərək, öz yollarına davam etdilər.

Qasim hədiyyə edilmiş kökü evinin qabağında əkdi. O, bu bitkinin qayğısına qalır, istidən-soyuqdan qoruyur, vaxtlı-vaxtında su verirdi.
Və nəhayət, bir gün, bu büzüşmüş kökdən gözəl ətir saçan bir qızılgül kolu yetişdi. Bu kol kənara da rişə verərək, tezliklə bütün evin ətrafını bürüdü.
Qasim yavaş-yavaş qüzülgüldən yağ çəkməyi öyrəndi. O, bu yağı bazarda satmağa başladı. Qızılgül yağı Qasımin əsas gəlir mənbəyinə çevrilərək, ona var-dövlət gətirdi.

Amma Qasim bu uğurun nədən başlanmasını yadından çıxarmırdı. Ona görə də o, yol adamlarını, səyyahları həmişəki kimi ürəyiaçıqlıqla qarşılayır, onlara imkan daxilində köməklik göstərməyə davam edirdi. Və hər dəfə də öz qızılgül bağına qədəm qoyanda, bütün bunların qonaqpərvərliyin və mehribançılığın nəticəsi olduğunu xatırlayır və səyyahları onun evinə yönəldən Allaha şükürlər edirdi.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir